Uzaqlaşan vahimə
Həmin gecə Salyan kazarmasının qarşısında idim, təkərlərdən böyük ocaq çatmışdıq. Bizə doğru yaxınlaşan tanklardan aramsız atəşlər açılırdı, parlayan güllələr binalara dəyib qığılcım saçırdı. Dəstəmizə lap az qalmış tankların lülələri adamboyu endirildi. Parlayan güllələr başımızın üstündən, qulağımızın dibindən vıyıltıyla keçirdi.
Aramızda söhbət oldu ki, heç kim tərpənməsin, eləcə də hərəkətli müqavimət olmamalıdır. Uşaqlar daş, yaxud butulkalar ata bilərdilər. Bu da onların bizi güllələməsi üçün əsas olardı.
Onda hiss etdim ki, güllə səsləri uzaqdan daha vahiməli gəlir, nəinki yaxından. Onlar yaxınlaşdıqca vahimə uzaqlaşırdı. Amma bu məğrurluq yanımızdakı bir nəfərin yerə yıxılmasına qədər davam etdi.
Tanklar bizim topaya yaxınlaşanda sürəti daha da artırdılar. Dəqiq yadımda deyil, amma səhv etmirəmsə, irəlidə gələn tank idi, dalınca gələnlər isə BMP-lər. Tank düz ocağın üstünə sürdü, ocaq yerində bir-neçə dövrə vurdu, hamı gözləyirdi ki, “Olimp”ə sarı dönəcək, amma əksinə oldu, “Musabəyov”a tərəf üz tutdu, arxasınca gələn BMP-lərdən bəziləri isə “Olimp”ə doğru buruldu və yol boyu qaçışan insanlara atəş açmağa başladı.
Biz yolun sağ tərəfində ağacların arasında uzanmışdıq. Adamlar elə sürətlə üstümüzdən keçirdilər ki, qalxmağa belə imkan yox idi. Yanımda qalxmaq istəyən bir nəfərə güllə dəydi, Dəhşətli bağırtısı hələdə qulağımdadır, ona doğru süründüm. Yaralanmışdı. Amma yara isti olduğundan özünün də köməkliyi ilə onu binaların arasına sürüməyə başladım. Keçənlərdən kömək istədim. Hamılıqla köməkləşib qarşıdakı hasardan onu içəri saldıq, ora artıq səhv etmirəmsə “Təcilli yardım” idi.
Daha cürət edib yola qayıda bilmədik, amma güllə səsləri Elmlər Akademiyası metrosu tərəfindən gəlirdi.
BDU-nun köhnə yataqxanasına qayıtdım. Yataqxananın komendantı üstümə atıldı. İki gün öncə aldığım ağ plaş qan içindəydi. Komendant elə zənn etmişdi ki, yaralamışam. Əlimdən də qan axırdı. Əvvəlcə elə düşündüm ki, həqiqətən yaralanmışam. Sonra gördüm ki, yaralıya kömək edəndə əlimin dərisi soyulubmuş.
Səhərədək yataqxananın birinci mərtəbəsində gözlədik, sübh tezdən “Olimp”ə tərəf düşdüm. Mənzərə dəhşətli idi… Tanklar maşınların üstündən keçmişdi. Qarşısına keçən hər şeyi tırtıllarının altına almışdı…

Təsvir üçün təşəkkür..
By: NUR on January 20, 2011
at 12:28 pm
Bezen teesuf edirem ki, kash o vaxtadan choxlu fotolar galaydi..Bu soylediyiniz menzereleri fotolara kocurdub butun dunyaya yaymag olardi..Hiss olunur ki, shekilller kifayet geder deyil..
By: Mushvig on January 23, 2011
at 9:50 am