Eh siyasət, siyasət…
Dostum Rauf Arifoğlunun “Media forum”da bir açıqlamasın oxudum, dərhal 1998-ci il, Kamil Tağısoy, 20 baş redaktorun aclıq aksiyası, aclıq aksiyası ilə yanaşı mətbuata olan təzyiqlərə etiraz olaraq piket aksiyalarımız yadıma düşdü.
Ağır günlər yaşayırdıq, amma çox inamlıydıq, nəyisə dəyişmək əzmindəydik, İndi yaşadığımız günlər yaxşıdı, amma çox inamsızıq.
Elə o ərəfələrdə Kamil Tağısoyu oğurlamışdılar. Jurnalist yazmasın deyə qolunu sındırmadılar, danışmasın deyə dilini kəsmədilər, onun başına torba keçirib çox uzaqlara apardılar… Və Tağısoy bu ölkədən getməyə məcbur oldu. O zaman Rauf ciddi cəhdlə bizi inandırırdı ki, bunu Hüseyn Abdullayev edib. H. Abdullayevin himayəsində böyüyən bir yetim məni əmin etmişdi ki, o rəhmsiz deyil, belə vəhşilik edə bilməz. Sonra o hadisənin Abdullayev tərəfindən təşkil olunması haqında mətbuatda çox yazdılar, elə deyəsən “Yeni Müsavat”da yazırdı.
“Yeni Müsavat”ın müxbiri indi haradasa uzaq xaricdə mühacirdir, elə Hüseyn Abdullayev də “mühacirdir”- uzaqda olmasa da. Rauf Arifoğlu isə Hüseyn bəyə dostluq mesajı yollayır.
Eh siyasət, siyasət…
Indi isə Rauf bəyin fikirlərini oxuyun.
“Musavat.com” portalına danışan Rauf Arifoğlu deyib: “Hüseyn Abdullayevin açıqlamasını oxuyub yaşanan prosesdən narahat oldum. Çünki baş verənlər mənim də namizədliyimi irəli sürdüyüm 25 saylı seçki dairəsinə aiddir. Yəni bu dairədə baş verən hər hansı bir haqsızlıq və hansısa bir iddiaçıya olunan təzyiq dolayısı ilə mənə də aiddir. Bu bizim də başımıza gələ bilər. Görünür, bu dairədə kimin üçünsə rahat yer hazırlayırlar. Hüseyn Abdullayev 25 saylı dairənin favoritidir. Seçiciləri həm də onu təzyiqlərlə üzləşməsi, həbsxanaya düşməsi səbəbindən istəyirlər. Biz Hüseyn Abdullayevi 2007-ci ildə həbs olunarkən də çox ciddi şəkildə müdafiə etmişik və onun hüquqlarının qorunması istiqamətində bir qəzet olaraq fəallıq göstərmişik. Həbsdən çıxarkən bizə bir təşəkkür mesajı və hədiyyə də göndərmişdi. Hüseyn bəy bilsin ki, biz yenə həmin adamlarıq və indi də onu müdafiə etməyə hazırıq”.
Rauf Arifoğlu bildirib ki, Hüseyn Abdullayevi rəqib yox, müttəfiq görür: “Biz bir yerdə seçkinin ədalətli keçirilməsi, səslərin düzgün sayılması istiqamətində əməkdaşlıq edə bilərdik. Bizim rəqibimiz isə hakim partiyanın irəli sürəcəyi namizəd olacaqdı. Təəssüf ki, Hüseyn Abdullayevə seçkiyə qatılmaq imkanı vermədilər. Bu məni həm də ona görə narahat edir ki, prosesin hansısa mərhələsində mənimlə də hansısa bir bəhanə əsasında eyni cür rəftar edə bilərlər”.
Baş redaktor deyib ki, Hüseyn Abdullayev də, seçiciləri də, onu deputat görmək istəyənlər də hesab eləsinlər ki, burada onların bir adamı var: “Onların mövqeyini, maraq və mənafelərini ifadə edə və qoruya bilərəm. Hüseyn Abdullayev də seçilmək hüquqlarının müdafiəsi istiqamətində bizdən dəstək istəsə, kömək etməyə hazırıq”.
